Zaqatala: Praktiki Məlumat
Nə Zaman Yürüş Etmək Olar
Bu marşrutun əksər hissəsi bütün fəsillərdə, o cümlədən qışda yürüş üçün əlverişlidir.
Marşrut dağ meşələrindən keçir və bu ərazilərdə quraq dövrlər nadir hallarda olur. Qışda yüksək ərazilərdə çoxlu qarın olması mümkündür ki, bu da dərin qarla örtülmüş işarəsiz marşrutlarda yürüş edənlərin əlavə diqqət göstərməsini tələb edir. Yayda isə hava çox isti ola bilər. Xüsusilə yaz və payız mövsümlərində çay dərələrində ciddi daşqınlar meydana gələ bilər və çay keçidləri son dərəcə təhlükəli ola bilər.
Marşruta Necə Çatmaq Olar
Zaqatala rayonuna taksi (Şamaxinka ərazisindən), avtobus (Bakı Beynəlxalq Avtovağzal Kompleksindən), qatar (Bakı Dəmiryolu Vağzalından), yaxud şəxsi abtomobiliniz ilə gedə bilərsiniz.
Marşrutun digər nöqtələrinə Zaqatala rayon mərkəzindən taksi və ya yerli mikroavtobus ilə çatmaq olar.
Zaqataladakı bəzi yerli taksi xidmətləri:
Uğur Taksi Xidməti (077 508 90 09)
Z Kuryer Taksi Xidməti (304 37 37)
Harada Gecələmək Olar
Zaqatala şəhərində müxtəlif otel seçimləri mövcuddur, həmçinin Car kəndində qonaq evləri də var.
Qafqazın əksər yerlərində olduğu kimi, burada da çöl ərazilərdə düşərgə qurmaq çox vaxt normal qəbul edilir. Lakin, çadırınızı çox diqqət çəkən yerdə qurduqda yerli sakinlərin marağına səbəb ola bilərsiniz. Ziyarət etdiyiniz yerlərə qarşı hörmət bəsləməyinizi və “Leave No Trace” prinsiplərinə əməl etməyinizi xahiş edirik. Bu, bizə marşrut boyunca yaşayan yerli sakinlərlə yaxşı əlaqələrimizi davam etdirməyə, gələcək səyyahlara isə eyni təcrübədən faydalanmağa kömək edəcək.
Ehtiyyatlar
Şəki və Zaqatalada yürüş və düşərgə avadanlığı satan mağazalar yoxdur. Lazım olan bütün ehtiyatları, o cümlədən qaz silindirlərini özünüzlə Bakıdan gətirməyiniz tövsiyə olunur. Bakıdakı Mountain Shop, Yonja Outdoor Store, Dagchi Shop və Outdoor Store mağazalarına gedərək ehtiyacınız olan avadanlıq və təchizatları ala və ya icarəyə götürə bilərsiniz.
Marşrut boyunca böyük supermarketlər mövcud olmasa da, kəndlərdə kiçik mağazalar var. Bu mağazalarda qida seçimi çox vaxt məhduddur. Qonaq evində qalarkən, ev sahibləri yerli ərzaqlarla evdə hazırlanmış yeməklər təklif edirlər. Əgər yola çıxmazdan əvvəl özünüzlə yol üçün yemək götürmək istəsəniz, yerli ailələr sizə əsasən pendir və çörəkdən ibarət yol yeməyi təklif edə bilərlər. Yürüşə başlamazdan əvvəl yol üçün kifayət qədər qida və qəlyanaltı götürməyiniz tövsiyə olunur.
Su
Qafqazın bir çox bölgəsində olduğu kimi, bu marşrut boyunca da bəzi bulaqlardan və kəndlərə çəkilmiş sudan içmək təhlükəsizdir. Lakin, çaylar və arxlar kimi digər su mənbələrindən istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Bu su mənbələri heyvanlar tərəfindən istifadə olunduğuna görə çirklənmiş ola bilər. Buna görə də, suyu içməzdən əvvəl filtrasiya etmək tövsiyə olunur. Yürüş zamanı özünüzlə su filtri götürməyiniz məsləhətdir.
Dil
Bu ərazidə əsas ünsiyyət dili Azərbaycan dilidir. Keçəcəyiniz ərazilərdə bəzi insanlar rusca və ya türkcə də danışa bilər. Bundan əlavə, bölgədə avar, saxur, rutul və ingiloy kimi etno-linqvistik qruplara məxsus dillər də istifadə olunur. İngilis dili burada geniş yayılmayıb. Buna görə də, xarici səyyahlara özləri ilə lüğət və ya tərcümə tətbiqi götürməkləri və/və ya sadə ifadələri öyrənməkləri tövsiyə olunur.
Sağlamlıq və Təhlükəsizlik
Zaqatala şəhərində Zaqatala Rayon Mərkəzi Xəstəxanası, Labstyle Hospital (+994702252971) və Hayat Hospital (+994508904422) kimi müxtəlif tibb mərkəzləri mövcuddur.
Rayon polis şöbəsi də burada yerləşir.
Zaqatala şəhərində bir neçə aptek fəaliyyət göstərir. Xüsusilə, Zərifə Əliyeva parkı boyunca bir neçə aptek mövcuddur.
Şəbəkə (Mobil rabitə operatorları)
Bakcell və Azercell Azərbaycanda ən populyar mobil operatorlardır. Zaqatala şəhərində və marşrut boyunca bir çox kənddə mobil əlaqə mövcuddur. Bu da GPS naviqasiyasına və yerli məlumatlara asanlıqla çıxış imkanı yaradır. Lakin, dağlıq ərazilərə, dağ silsilələrinə və sıx meşələrə doğru irəlilədikcə, əhatə dairəsinə çıxış fasilələrlə ola bilər. Əksər yerlərdə mobil əlaqə qənaətbəxş olsa da, xəritələr və marşrut məlumatlarını oflayn rejimdə əvvəlcədən yükləmək tövsiyə olunur.
Təhlükələr
İtlər
TCT cığırında yürüş zamanı ən potensial təhlükə aqressiv çoban itləri ola bilər. Bir çox kəndli və çobanlar mal-qaranı və təsərrüfatlarını qorumaq üçün it saxlayır və onları təhlükələrə qarşı müdafiəyə öyrədir. Bu itlər sürülərlə birlikdə hərəkət edərək, sürünü yırtıcılardan qoruma funksiyası yerinə yetirir. İtlərin davranışlarını diqqətlə izləmək vacibdir. Əgər onlar aqressiv reaksiya verirlərsə, bu, sizi sürüləri üçün potensial təhlükə kimi qəbul etdiklərini göstərə bilər. Bu halda, sakit və nəzarətli şəkildə irəliləmək, qəfil hərəkətlərdən çəkinmək tövsiyə olunur. Adətən, siz uzaqlaşdıqca onlar da geri çəkiləcək.
Bir neçə itin hürərək üzərinizə doğru qaçması qorxuducu ola bilər, lakin belə hallarda düzgün reaksiya vermək vacibdir. Ən yaxşı yanaşma yerinizdə dayanmaq və çobanın (adətən yaxınlıqda olur) onları geri çağırmasını gözləməkdir. Mümkündürsə, itlər sizi görmədən əvvəl çobanın diqqətini çəkməyə çalışın ki, onları sakitləşdirmək imkanı olsun. Əgər itlər çox yaxınlaşarsa, yüksək səslə qışqırmaq, havaya daş atmaq (əsasən itin üstünə yox, onun yaxınlığına) və ya trekking çubuqlarınızı yelləməklə üstünlük nümayiş etdirmək tövsiyə olunur. Qaçmaq isə yolverilməzdir, çünki bu, itin sizi ov kimi görüb təqib etməsinə səbəb ola bilər.
Bu cür qarşılaşmalardan ümumiyyətlə yayınmaq üçün otlayan sürülərdən mümkün qədər yan keçməyə çalışın. Əgər yaxınlıqda çobanlar varsa, onlara dostyana salam verərək yaxınlaşmaq daha təhlükəsiz ola bilər.
Ehtiyat tədbiri kimi, quduzluq peyvəndi vurdurmaq da tövsiyə olunur. Bu, sizi xəstəlikdən tam qorumasa da, mümkün dişləmə halında müalicə üçün əlavə vaxt qazandırır.
Nəhəng baldırğan
Nəhəng baldırğan (Heracleum mantegazzianum) bitkisinə xüsusilə diqqət yetirin. Görünüşcə meşə dişəvərinə (cow parsley) bənzəsə də, onun gövdə şirəsi dərinizin günəşə qarşı təbii müdafiəsini zəiflədir və açıq dəridə ciddi yanıqlara səbəb ola bilər. Gözlə təmas halında isə müvəqqəti və ya daimi görmə itkisinə belə gətirib çıxara bilər. Bu bitkini tanımağı öyrənin və mümkün qədər ondan uzaq durmağa çalışın. Əgər onun olduğu ərazilərdən keçmək qaçılmazdırsa, ehtiyatla hərəkət edərək gövdəsini qırmamaq vacibdir. Əgər təsadüfən baldırğan şirəsi dərinizə dəyərsə, dərhal həmin yeri su ilə yuyun və təsirlənmiş hissəni günəş işığından qoruyun.
Fırtınalar və Çay Dərələrində Daşqınlar
Qafqazda fırtınalar gözlənilmədən baş verə bilər və adətən güclü olur. Onlar tez-tez ildırım və dolu ilə müşayiət olunur. Yürüş zamanı təhlükəsizliyi təmin etmək üçün çadır qurmaqla bağlı ən yaxşı təcrübələri bilməli, hava şəraitini daim izləməli və zərurət yarandıqda daha aşağı ərazilərə enərək sığınacaq tapmağa hazır olmalısınız. Eyni zamanda, ildırım vurması nəticəsində yaranan xəsarətlərin ilkin tibbi yardım qaydalarını öyrənmək də vacibdir.
Yağıntılar çaylarda suyun səviyyəsinin kəskin qalxmasına səbəb ola bilər. Marşrut boyunca bir neçə çay keçidi mövcuddur. Bu keçidlərdən ehtiyatla istifadə etməli və güclü daşqınlar zamanı onları keçməkdən çəkinməlisiniz.
İsti Hava Şəraiti
Yayın ortasında temperatur çox yüksək ola bilər. Buna görə də, kifayət qədər su götürməyiniz vacibdir. İsti havanın təsirini azaltmaq üçün yürüş planınızı uyğunlaşdırmaq faydalı ola bilər. Məsələn, günün erkən saatlarında başlayıb günorta istisində istirahət etmək daha təhlükəsiz seçimdir.
Bundan əlavə, susuzluq və günvurma hallarının simptomlarını, qarşısını alma üsullarını və ilkin tibbi yardım tədbirlərini öyrənməyiniz tövsiyə olunur.
Fövqəladə Hallar Üçün Məlumat
Əksər kəndlərdə tibb bacıları fəaliyyət göstərsə də, daha geniş tibbi xidmətlər və xəstəxanalar əsasən rayon mərkəzlərində yerləşir. Aşağıda ölkə daxilində faydalı ola biləcək fövqəladə yardım nömrələri verilmişdir:
- Fövqəladə hallar: 112
- Yanğın xidməti: 101
- Polis: 102
- Təcili yardım: 103
- Təcili və təxirəsalınmaz tibbi yardım: 113
Alternativ və Əlavə Marşrutlar
Car kəndi yürüş edənlərə zaman məhdudiyyətlərinə və fərqli üstünlüklərə uyğun bir neçə marşrut təqdim edir. Əsas marşrut silsilə boyunca uzanır, geniş panoramik mənzərələrə açılır və bir neçə çoban yatağından keçir. Alternativ olaraq, meşəlik ərazilərdə eniş-yoxuşlarla hərəkət etməyə və zirvə boyunca irəliləməyə imkan verən dövrə marşrutunu seçə bilərsiniz. Bu seçim yürüşünüzü Car kəndində başlayıb eyni yerdə bitirmək imkanı yaradır.
Əgər Qəbizdərəyə daha qısa yol axtarırsınızsa, əsas silsilə marşrutu ilə müqayisədə məsafəni demək olar ki, yarıya endirən birbaşa marşrut mövcuddur. Bu variant Şamilovka yaşayış məntəqəsindən keçərək füsunkar mənzərələrlə davam edir.
Digər Praktiki Məlumatlar
Çobanlar: Çobanlar iqlim şəraitindən və ərazidən asılı olaraq yazın sonlarından payızın əvvəlinə qədər dağlarda heyvan otarırlar. Bəzi çoban yataqlarında bulaq suyu ilə doldurulan su çənləri mövcuddur. Digərləri isə su mənbələrindən uzaq yerləşdiyi üçün çobanlar su ehtiyatlarını özləri ilə gətirirlər. Çoban yataqları su ehtiyatınızı yeniləmək üçün faydalı ola bilər, lakin yaxınlıqda təbii su mənbəyi olmayan ərazilərdə onlara tam güvənmək tövsiyə olunmur.
Telefon zəngləri: Azərbaycanın ölkə kodu +994-dür. Yerli nömrəyə beynəlxalq kod olmadan zəng etmək üçün ölkə kodunu 0 ilə əvəz etməlisiniz.
Digər mənbə/resurslar
Zaqatala haqqında daha ətraflı məlumat əldə etmək üçün Azərbaycan Turizm Bürosunun veb saytına nəzər yetirə bilərsiniz.