Zaqatala, Azərbaycan
Transqafqaz Cığırı üzrə 73 km (2-5 gün) uzunluğunda yürüş bələdçisi
Bu bələdçi sizə, Azərbaycan Respublikasının Şəki – Zaqatala regionundan keçən və üç mərhələdən ibarət, Transqafqaz Cığırı marşrutu üzrə 73 km-lik müstəqil yürüşünüzü planlaşdırmağa kömək edəcək. Aşağıda praktiki məlumatlar, marşrut qeydləri, interaktiv xəritələrə keçidlər və marşrut üzrə naviqasiya üçün yüklənə bilən GPS məlumatları təqdim olunur.
2025-ci ildə istifadəyə verilən bu marşrut, sizi Zaqatalanın sıx meşələrindən və füsunkar dağ silsilələrindən keçirərək, regionun tarixi mərkəzi olan Zaqatala şəhərinə çatdıracaq və burada şəhər infrastrukturundan faydalanmaq imkanı təqdim edəcək. Bu bölgədə müxtəlif Qafqaz etno-linqvistik qrupları, o cümlədən saxurlar, rutullar, avarlar və ingiloylar yaşayır. Səyahətiniz boyunca bu xalqların mədəniyyəti, tarixi və dili ilə tanış olmaq imkanı əldə edəcəksiniz.
Qısa Məlumat:
Ümumi yüksəklik fərqi: +3,828 m / 12,560 ft (Şərqdən Qərbə)
Ümumi eniş fərqi: -3,787 m / 12,424 ft (Şərqdən Qərbə)
Minimum yüksəklik: 507 m / 1,663 ft
Maksimum yüksəklik: 2,477 m / 8,127 ft
Orta yüksəklik: 1,215 m / 3,986 ft
Status: Açıq, aktiv inkişaf mərhələsindədir
- 112 – Fövqəladə Hallar Nazirliyi
- 102 – Polis
- 103 – Təcili yardım
- 113 – Səhiyyə Nazirliyinin təcili və təxirəsalınmaz tibbi yardım xidməti

Transqafqaz Cığırının Zaqatala hissəsi sizə, biri-birindən fərqli və maraqlı təcrübələr yaşamaq imkanı verir. Marşrut çay dərələri, meşələr, yaylaqlar, şəhər mərkəzləri və tarixi kəndlərdən keçir. Yürüş Mamruxdan başlayaraq Mişleş, Zaqatala şəhəri və Car üzərindən Qəbizdərəyə qədər uzanır. Yol boyunca məscidlər, qalalar və tərk edilmiş kilsələr kimi tarixi-mədəni abidələr görərək bu bölgənin zəngin irsini kəşf edə bilərsiniz.
Marşrutun müxtəlif hissələrində cığır şəraiti dəyişkəndir. Mamrux və Mişleş yaxınlığında tez-tez daşqınlara məruz qalan çay dərələri, sıx bitki örtüyü və dəyişkən yollarla rastlaşa bilərsiniz. Meşə yolları, heyvan cığırları və meşə xəttindən yuxarıda yerləşən yaylaqlar, GPS naviqasiyasından istifadə etməyi və dik yamaclara qalxmağa hazırlıqlı olmağı tələb edir.
Fəsil dəyişiklikləri, xüsusilə yağıntılar və otlaq mövsümü, marşrutun vəziyyətinə ciddi təsir göstərə bilər. Cığırlar yerli sakinlər və çobanlar tərəfindən mütəmadi olaraq istifadə edilsə də, hələ ki, TCT tərəfindən təmin edilən texniki xidmət məhduddur. Marşrut boyunca su mənbələri mövcuddur. Kəndlərə və çoban yataqlarına yaxın ərazilərdə bulaqlar tapmaq mümkündür. İşarələnmə cığırın hissələrinə görə dəyişir.
Bəzi ərazilərdə, məsələn, Car və Qəbizdərə yaxınlığında ağ-qırmızı və qırmızı-sarı işarələr mövcuddur. Lakin yürüşçülər yalnız bu işarələrə etibar etməməli, eyni zamanda GPS marşrutlarının əvvəlcədən yüklənməsini təmin etməlidirlər.
Zaqatala şəhəri müasir infrastruktura çıxış nöqtəsi kimi xidmət edir. Burada ehtiyatlarınızı yeniləyə, rahatlıq tapıb istirahət edə bilərsiniz. Eyni zamanda gecələmək üçün müxtəlif məkanlar, restoranlar, maraqlı tarixi və mədəni yerlərdən yararlana bilərsiniz.
Avtomobil yolları başlanğıc nöqtəsindən asılı olaraq, asfalt örtüklü şəhər yollarından tutmuş, yalnız 4×4 nəqliyyat vasitələri üçün uyğun və çətin keçilən dağ yollarına qədər dəyişir.
VACİB MƏLUMAT
TCT Assosiasiyası marşrut və cığır şəraitinə dair dəqiq və yenilənmiş məlumatlar təqdim etməyə çalışır. Lakin, real şərait fərqli ola bilər və təqdim olunan məlumat tam və ya aktual olmaya bilər. Cığır istifadəçiləri digər mənbələrdən əldə etdikləri məlumatları nəzərə almalı və mümkün olduqda yerli sakinlərin verdiyi məsləhətlərə riayət etməlidirlər. Cığır istifadəçiləri marşrut seçimi, hava şəraiti və təhlükəsizlik daxil olmaqla, bütün qərarların məsuliyyətini öz üzərlərinə götürürlər.
Dik dağ relyefi və dəyişkən hava şəraitindən əlavə, yürüşçülər bəzən çətin tapılan cığır izləri və ağır yol şəraitinə, su altında qalmış körpüləri və su səviyyəsi yüksəlmiş çayları keçməyə, qoyun və mal-qaranı qoruyan çoban itləri, ayı, canavar kimi vəhşi heyavnlar, zəhərli baldırğan bitkisi və güclü ildırımlarla müşayiət olunan yay fırtınaları kimi risklərə hazır olmalıdırlar.
Təcili tibbi yardım və axtarış-xilasetmə xidmətlərinə çıxış hər zaman mövcud olmaya bilər.