Şəki: Praktiki Məlumat
Nə Zaman Yürüş Etmək Olar
Bu marşrutun əksər hissəsi bütün fəsillərdə, o cümlədən qışda yürüş üçün əlverişlidir.
Marşrut dağ meşələrindən keçir və bu ərazilərdə quraq dövrlər nadir hallarda olur. Qışda yüksək ərazilərdə çoxlu qarın olması mümkündür ki, bu da dərin qarla örtülmüş işarəsiz marşrutlarda yürüş edənlərin əlavə diqqət göstərməsini tələb edir. Yay aylarında hava olduqca isti keçir, yağışlı dövrlərdə isə marşrut boyunca bitki örtüyü sürətlə sıxlaşa bilər.
Marşruta Necə Çatmaq Olar
Şəki şəhərinə getmək üçün Şamaxinka ərazisindən taksi, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən avtobus və ya taksi, yaxud Bakı Dəmiryolu Vağzalından qatar istifadə edə bilərsiniz.
Əgər səyahətinizə Daşağıl, Oraban, Baş Küngüt, Kiş, Baş Göynük, Baş Layısqı/Qumux və ya Qaşqaçay kəndlərindən başlamaq istəyirsinizsə, Şəki şəhər mərkəzindən avtomobillə bu kəndlərə getmək mümkündür (Daşağıldan başlamaq istəyirsinizsə, Oğuz rayon mərkəzi).
Marşrutun digər nöqtələrinə Şəki şəhər mərkəzindən taksi və ya yerli mikroavtobus ilə çatmaq olar.
Şəkidə müxtəlif taksi xidmətləri mövcuddur.Həmçinin əvvəlcədən müəyyən edilmiş qiymətlərlə taksi sifariş etmək üçün *0066 nömrəsinə zəng edə bilərsiniz.
Harada Gecələmək Olar
Şəki şəhərində müxtəlif otel seçimləri mövcuddur, həmçinin Baş Küngüt, Kiş və Baş Göynük kəndlərində qonaq evləri də var. Qaşqaçaydan biraz yuxarıda, Armudlu kəndində gecələmək üçün kottecləri olan bir restoran da var.
Qafqazın əksər yerlərində olduğu kimi, burada da çöl ərazilərdə düşərgə qurmaq çox vaxt normal qəbul edilir. Lakin, çadırınızı çox diqqət çəkən yerdə qurduqda yerli sakinlərin marağına səbəb ola bilərsiniz. Ziyarət etdiyiniz yerlərə qarşı hörmət bəsləməyinizi və “Leave No Trace” prinsiplərinə əməl etməyinizi xahiş edirik. Bu bizə marşrut boyunca yaşayan yerli sakinlərlə yaxşı əlaqələrimizi davam etdirməyə, gələcək yürüşçülərə isə eyni təcrübədən faydalanmağa kömək edəcək.
Ehtiyatlar
Şəki şəhərində yürüş və düşərgə avadanlığı satan mağazalar yoxdur. Lazım olan bütün ehtiyatları, o cümlədən qaz balonlarını özünüzlə Bakıdan gətirməyiniz tövsiyə olunur. Bakıdakı Mountain Shop, Yonja Outdoor Store, Dagchi Shop və Outdoor Store mağazalarına gedərək ehtiyacınız olan avadanlıq və təchizatları ala və ya icarəyə götürə bilərsiniz.
Kəndlərdə məhdud seçim təklif edən kiçik marketlər və ərzaq dükanları mövcuddur. Daha böyük supermarketləri isə Şəki şəhərində tapa bilərsiniz. Qonaq evlərində qalarkən, ev sahibləri yerli ərzaqlarla evdə hazırlanmış yeməklər təklif edirlər. Əgər yola çıxmazdan əvvəl özünüzlə yol üçün yemək götürmək istəsəniz, yerli ailələr sizə əsasən pendir və çörəkdən ibarət yol yeməyi təklif edə bilərlər. Yürüşə başlamazdan əvvəl yol üçün kifayət qədər qida və qəlyanaltı götürməyiniz tövsiyə olunur.
Su
Qafqazın bir çox yerində olduğu kimi, marşrut boyunca bəzi bulaqlara rast gələ bilərsiniz. Kəndlərə çəkilən su adətən içməyə yararlıdır. Lakin marşrut boyunca rast gəlinən çay və arxlardakı su, bölgədə mal-qaranın mövcudluğu səbəbindən filtrasiya olunmalıdır. Buna görə də, yürüş zamanı su filtri götürmək tövsiyə olunur.
Dil
Şəkidə əsasən azərbaycan dilində danışan əhali yaşayır. İngilis dili geniş yayılmamışdır. Buna görə də, xarici səyyahlara özləri ilə lüğət və ya tərcümə tətbiqi götürməkləri və/və ya sadə ifadələri öyrənməkləri tövsiyə olunur.
Sağlamlıq və Təhlükəsizlik
Şəki şəhərində, Şəki Mərkəzi Xəstəxanası da daxil olmaqla, müxtəlif tibb mərkəzlərini tapa bilərsiniz.
Rayon polis şöbəsi burada yerləşir.
Şəki şəhərində bir neçə aptek fəaliyyət göstərir.
Şəbəkə (Mobil rabitə operatorları)
Bakcell və Azercell Azərbaycanda ən populyar mobil operatorlardır. Şəki şəhərində və marşrut boyunca bir çox kənddə mobil əlaqə mövcuddur. Bu da GPS naviqasiyasına və yerli məlumatlara asanlıqla çıxış imkanı yaradır. Lakin, dağlıq ərazilərə, dağ silsilələrinə və sıx meşələrə doğru irəlilədikcə, əhatə dairəsinə çıxış fasilələrlə ola bilər. Əksər yerlərdə mobil əlaqə qənaətbəxş olsa da, xəritələr və marşrut məlumatlarını oflayn rejimdə əvvəlcədən yükləmək tövsiyə olunur.
Təhlükələr
İtlər
TCT cığırında yürüş zamanı ən potensial təhlükə aqressiv çoban itləri ola bilər. Bir çox kəndli və çobanlar mal-qaranı və təsərrüfatlarını qorumaq üçün it saxlayır və onları təhlükələrə qarşı müdafiəyə öyrədir. Bu itlər sürülərlə birlikdə hərəkət edərək, sürünü yırtıcılardan qoruma funksiyası yerinə yetirir. İtlərin davranışlarını diqqətlə izləmək vacibdir. Əgər onlar aqressiv reaksiya verirlərsə, bu, sizi sürüləri üçün potensial təhlükə kimi qəbul etdiklərini göstərə bilər. Bu halda, sakit və nəzarətli şəkildə irəliləmək, qəfil hərəkətlərdən çəkinmək tövsiyə olunur. Adətən, siz uzaqlaşdıqca onlar da geri çəkiləcək.
Bir neçə itin hürərək üzərinizə doğru qaçması qorxuducu ola bilər, lakin belə hallarda düzgün reaksiya vermək vacibdir. Ən yaxşı yanaşma yerinizdə dayanmaq və çobanın (adətən yaxınlıqda olur) onları geri çağırmasını gözləməkdir. Mümkündürsə, itlər sizi görmədən əvvəl çobanın diqqətini çəkməyə çalışın ki, onları sakitləşdirmək imkanı olsun. Əgər itlər çox yaxınlaşarsa, yüksək səslə qışqırmaq, daş atmaq (əsasən itin üstünə yox, onun yaxınlığına) və ya trekking çubuqlarınızı yelləməklə üstünlük nümayiş etdirmək tövsiyə olunur. Qaçmaq isə yolverilməzdir, çünki bu, itin sizi ov kimi görüb təqib etməsinə səbəb ola bilər.
Bu cür qarşılaşmalardan ümumiyyətlə qaçmaq üçün otlayan sürülərdən mümkün qədər yan keçməyə çalışın. Əgər yaxınlıqda çobanlar varsa, onlara dostyana salam verərək yaxınlaşmaq daha təhlükəsiz ola bilər.
Ehtiyat tədbiri kimi, quduzluq peyvəndi vurdurmaq da tövsiyə olunur. Bu, sizi xəstəlikdən tam qorumasada, mümkün dişləmə halında müalicə üçün əlavə vaxt qazandırır.
Nəhəng baldırğan
Nəhəng baldırğan (Heracleum mantegazzianum) bitkisinə xüsusilə diqqət yetirin. Görünüşcə meşə dişəvərinə (cow parsley) bənzəsə də, onun gövdə şirəsi dərinizin günəşə qarşı təbii müdafiəsini zəiflədir və açıq dəridə ciddi yanıqlara səbəb ola bilər. Gözlə təmas halında isə müvəqqəti və ya daimi görmə itkisnə belə gətirib çıxara bilər. Bu bitkini tanımağı öyrənin və mümkün qədər ondan uzaq durmağa çalışın. Əgər onun olduğu ərazilərdən keçmək qaçılmazdırsa, ehtiyatla hərəkət edərək gövdəsini qırmamaq vacibdir. Əgər təsadüfən baldırğan şirəsi dərinizə dəyərsə, dərhal həmin yeri su ilə yuyun və təsirlənmiş hissəni günəş işığından qoruyun.
Fırtınalar və Çay Dərələrində Daşqınlar
Qafqazda fırtınalar gözlənilmədən baş verə bilər və adətən güclü olur. Onlar tez-tez ildırım və dolu ilə müşayiət olunur. Yürüş zamanı təhlükəsizliyi təmin etmək üçün çadır qurmaqla bağlı ən yaxşı təcrübələri bilməli, hava şəraitini daim izləməli və zərurət yarandıqda daha aşağı ərazilərə enərək sığınacaq tapmağa hazır olmalısınız. Eyni zamanda, ildırım vurması nəticəsində yaranan xəsarətlərin ilkin tibbi yardım qaydalarını öyrənmək də vacibdir.
Yağıntılar çaylarda suyun səviyyəsinin kəskin qalxmasına səbəb ola bilər. Marşrut boyunca bir neçə çay keçidi mövcuddur. Bu keçidlərdən ehtiyatla istifadə etməli və güclü daşqınlar zamanı onları keçməkdən çəkinməlisiniz.
İsti Hava Şəraiti
Yayın ortasında temperatur çox yüksək ola bilər. Buna görə də, kifayət qədər su götürməyiniz vacibdir. İsti havanın təsirini azaltmaq üçün yürüş planınızı uyğunlaşdırmaq faydalı ola bilər. Məsələn, günün erkən saatlarında başlayıb günorta istisində istirahət etmək daha təhlükəsiz seçimdir. Bundan əlavə, susuzluq və günvurma hallarının simptomlarını, qarşısını alma üsullarını və ilkin tibbi yardım tədbirlərini öyrənməyiniz tövsiyə olunur.
Fövqəladə Hallar Üçün Məlumat
Əksər kəndlərdə tibb bacıları fəaliyyət göstərsə də, daha geniş tibbi xidmətlər və xəstəxanalar əsasən rayon mərkəzlərində yerləşir. Aşağıda ölkə daxilində faydalı ola biləcək fövqəladə yardım nömrələri verilmişdir:
Fövqəladə hallar: 112
Yanğın xidməti: 101
Polis: 102
Təcili yardım: 103
Təcili və təxirəsalınmaz tibbi yardım: 113
Alternativ və Əlavə Marşrutlar
Əgər Şəki şəhərinin içindən keçmək istəmirsinizsə, Xan Yaylağından Şəkiyə enmək üçün alternativ bir marşrut mövcuddur (bununla belə, bu möhtəşəm ərazini kəşf etmə fürsətini qaçırmamağı tövsiyə edirik). Eyni şəkildə, əgər Kişdən şərqə doğru yürüş edirsinizsə, Markhal Resort-un arxasından qalxan avtomobil yolunu izləyərək Xan Yaylağına və oradan Baş Küngüt istiqamətinə yolunuzu davam edə bilərsiniz.
Digər Praktiki Məlumatlar
Çobanlar: Çobanlar iqlim şəraitindən və ərazidən asılı olaraq yazın sonlarından payızın əvvəlinə qədər dağlarda heyvan otarırlar. Bəzi çoban yataqlarında bulaq suyu ilə doldurulan su çənləri mövcuddur. Digərləri isə su mənbələrindən uzaq yerləşdiyi üçün çobanlar su ehtiyatlarını özləri ilə gətirirlər. Çoban yataqları su ehtiyatınızı yeniləmək üçün faydalı ola bilər, lakin yaxınlıqda təbii su mənbəyi olmayan ərazilərdə onlara tam güvənmək tövsiyə olunmur.
Telefon zəngləri: Azərbaycanın ölkə kodu +994-dür. Yerli nömrəyə beynəlxalq kod olmadan zəng etmək üçün ölkə kodunu (0) ilə əvəz etməlisiniz.
Digər mənbə/resurslar
Şəki haqqında daha ətraflı məlumat əldə etmək üçün Azərbaycan Turizm Bürosunun veb saytına nəzər yetirə bilərsiniz.