Şəki – Kiş

Şəki – Kiş : 8.2 km, +295m/-204m (Ş → Q)
Əsas cığırdan fərqli olaraq bu alternativ marşrut, Kiş kəndinə yola düşməzdən əvvəl sizi Şəki şəhərinin məşhur tarixi məkanları ilə tanış etmək üçün nəzərdə tutulub. Şəki — ipəyi, karvansaraları, ənənəvi sənətkarlıq nümunələri və özünəməxsus memarlığı ilə tanınan, əsl İpək Yolu şəhəridir.
Şəkinin tarixi izləri İpək Yolu dövründən də əvvələ, Qafqaz Albaniyası dövrünə gedib çıxır. Bunu şəhərin qədim darvazaları arxasında yerləşən alban məbədi kimi arxeoloji qalıqlar sübut edir. Eyni zamanda, şəhərdə Müasir İncəsənət Mərkəzi, Sənətkarlıq Evi və ABAD Mərkəzi kimi müasir mədəniyyət və sənət məkanları da fəaliyyət göstərir.
Bu marşrut tamamilə asfalt yollarla gedir və daha çox şəhər gəzintisi xarakteri daşıyır, nəinki dağ yürüşü. Biz əsas görməli yerləri əhatə edən marşrut təklif etsək də, Şəkinin cazibədar küçə və dar dalanları boyunca öz yolunuzu seçməkdə tam sərbəstsiniz.
Marşrut Şəraiti
Bu marşrut Şəkidən Kiş kəndinə qədər asfalt yolla davam edir. Siz təmamilə sərbəst şəkildə bu ərazini kəşf edə bilərsiniz. Bizim təqdim etdiyimiz marşrut əsas görməli yerləri və imkanları əhatə edir.
Su
Kəndin əsas su qaynaqları bulaqlar olduğundan Şəkidə olan suyun filtirasiya olunub olunmadığını dəqiq deyə bilmərik. Suyu əsasən içməli olduğu dəqiq bilinən bulaqlardan, evlərdən doldurmağı və ya qablaşdırılmış sudan istifadə etməyinizi tövsiyə edirik.
Cığırın başlanğıc nöqtələri
Şəkiyə Bakıdan avtobus və qatarla asanlıqla çatmaq mümkündür. Şəhər əsas yolla yaxşı əlaqələndirilib, həmçinin şəhər daxilində taksi xidmətləri (o cümlədən *0066) mövcuddur.
Kiş kəndinə isə Şəkidən avtomobillə asanlıqla çatmaq olar. Kənd şəhər mərkəzindən qısa bir yürüş və ya avtomobil məsafəsində yerləşir.
Marşrut üzərindəki imkanlar
Şəki səyyahlar üçün geniş imkanlar təqdim edir. Kiş kəndinə yola düşməzdən əvvəl ehtiyatlarınızı toplamaq istəyirsinizsə, Şəki Bazarı yerli həyat tərzini əks etdirən canlı və autentik ticarət nöqtəsidir. Buradan təzə və yerli məhsullar əldə edə bilərsiniz. Daha geniş seçim axtaranlar üçün BazarStore şəhərin ən böyük supermarketlərindən biridir və burada ənənəvi ərzaqlar və gündəlik zəruri ləvazimatlar təqdim olunur. Bundan əlavə, şəhərin müxtəlif küçələrində kiçik marketlər də mövcuddur.
Gecələmə baxımından, Şəkidə müxtəlif büdcələrə uyğun seçimlər mövcuddur. Central Hostel təmiz otaqları, səhər yeməyi və nahar seçimləri ilə yanaşı, təzə qəhvə və desertlər təqdim edən sərfəli və rahat variantdır. Canal Hostel büdcəyə uyğun başqa bir əlverişli seçimdir. Markhal Resort daha lüks təcrübə axtaranlar üçün ideal məkandır. Spa xidmətləri və ətraf dağ mənzərəsi ilə fərqlənir.
Yemək təcrübəsi də Şəkidə unudulmazdır. Şəkinin zəngin və ləzzətli mətbəxi yola çıxmazdan əvvəl dadlı bir fasilə üçün əla fürsət yaradır. Qafqaz Restoranı, yerli əhalinin sevimli yemək məkanlarından biridir. Burada sabit menyu olmasa da, mətbəxdə hər zaman dadlı təamlar hazırlanır. Şəkiyə gələn hər kəs Piti yeməyini mütləq dadmalıdır. Quzu əti və noxudla gil qabda bişirilən bu ənənəvi yemək xüsusi təqdimat və yemə qaydası ilə fərqlənir. Onu necə düzgün yemək lazım olduğunu ofisiantdan soruşmağı unutmayın!
Qəhvə fasiləsi üçün isə tarixi məhəllədə yerləşən Illy Espresso House və Central Cafe keyfiyyətli içki və rahat atmosfer təqdim edir.
Mədəni irs abidələri
Azərbaycanın ən qədim şəhərlərindən biri olan Şəki, İpək Yolu irsini yaşadan zəngin mədəni və memarlıq abidələri ilə tanınır. Şəhərin ən məşhur görməli yeri Şəki Xan Sarayıdır. Bu möhtəşəm tikili mürəkkəb bədii naxışları, rəngarəng divar rəsmləri və Venesiyadan gətirilmiş şüşələrdən hazırlanmış vitraj (şəbəkə) pəncərələri ilə diqqət çəkir. Maraqlı faktlardan biri də budur ki, sarayın inşasında heç bir mıxdan istifadə olunmayıb. Sarayın bağçasında yerləşən şəbəkə ustalarının emalatxanasında, bu incə pəncərələrin necə hazırlandığını canlı izləmək mümkündür. Daha az tanınsa da, Şəki Xanlarının Qış Sarayı da ziyarətə dəyər. Burada da oxşar dekorativ elementlər olan vitrajlar (şəbəkə), naxışlı tavan və divarlar öz əksini tapır. Şəkinin tarixi məhəlləsində yerləşən Yuxarı Karvansaray, bir zamanlar İpək Yolu tacirlərinin və səyyahlarının dayanacaq məkanı olub. Bu gün isə həm otel, həm də restoran kimi fəaliyyət göstərir və qonaqlara Şəkinin ticarət tarixini hiss etmək imkanı yaradır.
İncəsənət və yerli sənətkarlıqla maraqlananlar üçün ABAD İncəsənət Mərkəzi və Sənətkarlıq Evi ənənəvi və müasir əl işlərini bir arada təqdim edir. Burada çoxu nəsildən-nəslə ötürülən sənət nümunələri ilə tanış olmaq mümkündür. Şəkinin qala divarları ilə əhatə olunmuş tarixi mərkəzində qədim Alban məbədi və yerli tarix və etnoqrafiyaya həsr olunmuş muzey yerləşir. Şəhərin köhnə məhəllələrində gəzərkən, qırmızı kərpicli evlər, daş döşənmiş küçələr və ipək toxuculuğu, şəbəkə sənəti kimi qədim sənətkarlıq ənənələrini yaşadan emalatxanalarla qarşılaşacaqsınız.