Şəki, Azərbaycan
Transqafqaz Cığırı üzrə 90 km (4-6 gün) uzunluğunda yürüş bələdçisi
Bu bələdçi sizə, Azərbaycan Respublikasının Şəki – Zaqatala regionundan keçən və üç mərhələdən ibarət, Transqafqaz Cığırı marşrutu üzrə 90 km-lik müstəqil yürüşünüzü planlaşdırmağa kömək edəcək. Aşağıda praktiki məlumatlar, marşrut qeydləri, interaktiv xəritələrə keçidlər və marşrut üzrə naviqasiya üçün yüklənə bilən GPS məlumatları təqdim olunur.
Şəki şəhəri əsrlər boyu tacirlərin, çobanların və dağ səyyahlarının hərəkəti nəticəsində formalaşmış unikal landşafta malikdir. TCT marşrutunun bu hissəsi Şəkinin tarixi mərkəzindən, karvansaraların və daş döşənmiş küçələrin İpək Yolunun hekayələrini danışdığı yerdən həm şərqə, həm də qərbə doğru uzanaraq Böyük Qafqazın cənub yamaclarında meşəlik vadilərdən və yüksək dağ otlaqlarından keçir. Yol boyu siz qədim kilsələrə, uzaq çoban sığınacaqlarına və füsunkar kəndlərə rast gələcəksiniz. Bu marşrutlar tarixi, mənzərələri və fiziki çətinlikləri ilə yürüşçüləri özünə cəlb edir.
Qısa Məlumat:
Ümumi məsafə: 89 km/59.3 mil
Ümumi yüksəklik fərqi: 5,315 m/17,438 ft (Şərqdən Qərbə)
Ümumi eniş fərqi: 5,231 m/17,162 ft (Şərqdən Qərbə)
Minimum yüksəklik: 619 m/2,031 ft
Maksimum yüksəklik: 2,254 m/7,395 ft
Orta yüksəklik: 1,368 m/4,488 ft
Status: Açıq, aktiv inkişaf mərhələsindədir
İşarələmə növü: Qismən işarələnmiş (TCT tərəfindən işarələnməmişdir)
Fövqəladə Hallar zamanı əlaqə vasitələri:
- 112 – Fövqəladə Hallar Nazirliyi
- 102 – Polis
- 103 – Təcili yardım
- 113 – Səhiyyə Nazirliyinin təcili və təxirəsalınmaz tibbi yardım xidməti

Transqafqaz Cığırının (TCT) Şəki bölməsi yürüşçüləri Böyük Qafqazın ətəkləri ilə, İpək Yolunun izləri boyunca apararaq zəngin tarixə və füsunkar təbiətə malik bir marşrutla tanış edir. Bu hissə meşə ilə əhatə olunmuş yüksəkliklər, geniş yaylaqlar və şəhər içi araşdırma imkanları ilə seçilir. Yürüşçülər Şəki şəhərində qədim karvansaraları, incə memarlığı ilə seçilən Xan Sarayını və Azərbaycanın ilk xristian məbədlərindən biri olan Kiş Kilsəsini ziyarət edə bilərlər.
TCT-nin bu bölməsinə hazırlaşarkən, marşrut vəziyyətinin yerləşdiyi əraziyə və mövsümə görə dəyişkən ola biləcəyini nəzərə almaq vacibdir. Şəki ilə Kiş kəndi arasındakı şəhər yolu asfalt örtüklü olduğundan rahat və asan yürüş imkanı verir. Lakin şəhərdən çıxdıqdan sonra meşə yolları, heyvan cığırları və sərt dağ keçidləri ilə qarşılaşmaq mümkündür. Bəzi yerlərdə yollar kolluq və ya eroziya səbəbindən çətinləşə bilər. Yaylaq ərazilərində əsasən çoban yollarından istifadə edilir. Lakin bu yollar bir-biri ilə kəsişə və ya bəzi hissələrdə yox ola bilər.
Azərbaycan Turizm Bürosu bəzi marşrutları nişanlayıb, lakin ümumilikdə yürüşçülərə yalnız işarələrə güvənməmək və GPS marşrutlarını əvvəlcədən yükləmək tövsiyə olunur. Planlaşdırma zamanı fəsillərin təsiri də nəzərə alınmalıdır: yayda sıx bitki örtüyü, payızda və yazda palçıqlı yollar, qışda isə qar örtüyü yürüşü çətinləşdirə bilər.
Bu bölmədə işarələmə və istiqamət nişanları fərqli səviyyədədir. Bəzi yerlərdə qırmızı-ağ nişanlar və sarı istiqamət lövhələri var. Lakin bir çoxu zamanla zədələnib. Xüsusilə Daşağıl-Oraban və Baş Küngüt-Şəki marşrutlarında TCT komandası müəyyən təkmilləşdirmələr həyata keçirib ki, bu da naviqasiyanı asanlaşdırır. Lakin təbii maneələr və mövsümi dəyişikliklər hələ də diqqətli naviqasiyanı tələb edir. Yaylaq ərazilərində su mənbələri məhduddur. Əsasən çoban yataqlarının yaxınlığında və dağ bulaqlarında yerləşir. Bəzən onlara çatmaq üçün marşrutdan qismən kənara çıxmaq lazım gələ bilər. Yürüşçülər Şəki şəhərində kifayət qədər ərzaq və ləvazimat ehtiyatı toplaya bilərlər.
VACİB MƏLUMAT
TCT Assosiasiyası marşrut və cığır şəraitinə dair dəqiq və yenilənmiş məlumatlar təqdim etməyə çalışır. Lakin, real şərait fərqli ola bilər və təqdim olunan məlumat tam və ya aktual olmaya bilər. Cığır istifadəçiləri digər mənbələrdən əldə etdikləri məlumatları nəzərə almalı və mümkün olduqda yerli sakinlərin verdiyi məsləhətlərə riayət etməlidirlər. Cığır istifadəçiləri marşrut seçimi, hava şəraiti və təhlükəsizlik daxil olmaqla, bütün qərarların məsuliyyətini öz üzərlərinə götürürlər.
Dik dağ relyefi və dəyişkən hava şəraitindən əlavə, yürüşçülər bəzən çətin tapılan cığır izləri və ağır yol şəraitinə, su altında qalmış körpüləri və su səviyyəsi yüksəlmiş çayları keçməyə, qoyun və mal-qaranı qoruyan çoban itləri, ayı, canavar kimi vəhşi heyavnlar, zəhərli baldırğan bitkisi və güclü ildırımlarla müşayiət olunan yay fırtınaları kimi risklərə hazır olmalıdırlar.
Təcili tibbi yardım və axtarış-xilasetmə xidmətlərinə çıxış hər zaman mövcud olmaya bilər.