Quba: Praktiki Məlumat

 

Nə Zaman Yürüş Etmək Olar

Bu marşrutun əksər hissəsi bütün fəsillərdə, o cümlədən qışda yürüş üçün əlverişlidir.

Qışda yüksək ərazilərdə çoxlu qarın olması mümkündür ki, bu da dərin qarla örtülmüş işarəsiz marşrutlarda yürüş edən səyyahların əlavə diqqət göstərməsini tələb edir. Yayda isə hava çox isti ola bilər. Xüsusilə yaz və payız mövsümlərində çay dərələrində ciddi daşqınlar meydana gələ və çay keçidləri son dərəcə təhlükəli ola bilər.

Marşruta Necə Çatmaq Olar

Quba rayonuna taksi (Şamaxinka ərazisindən), avtobus (Bakı Beynəlxalq Avtovağzal Kompleksindən), yaxud şəxsi abtomobiliniz ilə gedə bilərsiniz.

Quba şəhər mərkəzindən cığırın kəndlərdə yerləşən başlanğıc nöqtələrinə taksi ilə getmək mümkündür. Afurca və Qrızdəhnə asfalt yollarla əlçatan olsa da, Söhub, Buduq, Qrız və Xınalığa çatmaq üçün 4×4 avtomobili tələb olunur. Qrız və Xınalığa qədər yeni asfalt yol çəkilib. Lakin bu yol çox dik olduğu üçün, maşının əyləclərinin yaxşı işlədiyindən əmin olun və əyləcləri soyutmaq üçün tez-tez dayanmağı unutmayın.

Digər yürüş nöqtələrinə rayon mərkəzlərindən taksi və ya yerli mikroavtobuslarla da gedə bilərsiniz.

Qubada *0066 və *1001 də daxil olmaqla bəzi yerli taksi xidmətləri mövcuddur. Marşrut boyunca yerləşən qonaq evlərinin sahibləri ilə əlaqə saxlayaraq nəqliyyat təşkil edə bilərsiniz.

Harada gecələmək olar

Marşrut boyunca müxtəlif ev şəraitində gecələmə imkanları mövcuddur.

Qafqazın əksər yerlərində olduğu kimi, burada da çöl ərazilərdə düşərgə qurmaq çox vaxt normal qəbul edilir. Lakin, çadırınızı çox diqqət çəkən yerdə qurduqda yerli sakinlərin marağına səbəb ola bilərsiniz. Ziyarət etdiyiniz yerlərə qarşı hörmət bəsləməyinizi və “Leave No Trace” prinsiplərinə əməl etməyinizi xahiş edirik. Bu, bizə marşrut boyunca yaşayan yerli sakinlərlə yaxşı əlaqələrimizi davam etdirməyə, gələcək səyyahlara isə eyni təcrübədən faydalanmağa kömək edəcək.

Ehtiyyatlar

Qubada yürüş və düşərgə avadanlığı satan mağazalar yoxdur. Lazım olan bütün ehtiyatları, o cümlədən qaz silindirlərini özünüzlə Bakıdan gətirməyiniz tövsiyə olunur. Bakıdakı Mountain Shop, Yonja Outdoor Store, Dagchi ShopOutdoor Store mağazalarına gedərək ehtiyacınız olan avadanlıq və təchizatları ala və ya icarəyə götürə bilərsiniz.

Marşrut boyunca böyük supermarketlər mövcud olmasa da, kəndlərdə kiçik mağazalar var. Bu mağazalarda qida seçimi çox vaxt məhduddur. Qonaq evində qalarkən, ev sahibləri yerli ərzaqlarla evdə hazırlanmış yeməklər təklif edirlər. Əgər yola çıxmazdan əvvəl özünüzlə yol üçün yemək götürmək istəsəniz, yerli ailələr sizə əsasən pendir və çörəkdən ibarət yol yeməyi təklif edə bilərlər. Yürüşə başlamazdan əvvəl yol üçün kifayət qədər qida və qəlyanaltı götürməyiniz tövsiyə olunur.

Su

Qafqazın bir çox bölgəsində olduğu kimi, bu marşrut boyunca da bəzi bulaqlardan və kəndlərə çəkilmiş sudan içmək təhlükəsizdir. Lakin, çaylar və arxlar kimi digər su mənbələrindən istifadə edərkən ehtiyatlı olmaq lazımdır. Bu su mənbələri heyvanlar tərəfindən istifadə olunduğuna görə çirklənmiş ola bilər. Buna görə də, suyu içməzdən əvvəl filtrasiya etmək tövsiyə olunur. Yürüş zamanı özünüzlə su filtri götürməyiniz məsləhətdir.

Dil

Bu ərazidə əsas ünsiyyət dili Azərbaycan dilidir. Keçəcəyiniz ərazilərdə bəzi insanlar rusca və ya türkcə də danışa bilər. Bundan əlavə, bölgədə ləzgi, qrız, ketiş (xınalıq) kimi etno-linqvistik qruplara məxsus dillər də istifadə olunur. İngilis dili burada geniş yayılmayıb. Buna görə də, xarici səyyahlara özləri ilə lüğət və ya tərcümə tətbiqi götürməkləri və/və ya sadə ifadələri öyrənməkləri tövsiyə olunur.

Sağlamlıq və Təhlükəsizlik

Quba şəhərində Quba Rayon Mərkəzi Xəstəxanası, Referans Klinikası (+994 773580033) and SafMed Klinikası (+994 233352981) kimi müxtəlif tibb mərkəzləri mövcuddur.

Rayon polis şöbəsi burada yerləşir.

Quba şəhərində bir neçə aptek fəaliyyət göstərir. O cümlədən, əsas magistral yolun üzərində və köhnə Avtovağzal ərazisində bir neçə aptek mövcuddur.

Şəbəkə (Mobil rabitə operatorları)

Bakcell və Azercell Azərbaycanda ən populyar mobil operatorlardır. Quba şəhərində və marşrut boyunca bir çox kənddə mobil əlaqə mövcuddur. Bu da GPS naviqasiyasına və yerli məlumatlara asanlıqla çıxış imkanı yaradır. Lakin, dağlıq ərazilərə, dağ silsilələrinə və sıx meşələrə doğru irəlilədikcə, əhatə dairəsinə çıxış fasilələrlə ola bilər. Əksər yerlərdə mobil əlaqə qənaətbəxş olsa da, xəritələr və marşrut məlumatlarını oflayn rejimdə əvvəlcədən yükləmək tövsiyə olunur.

Təhlükələr

İtlər

TCT cığırında yürüş zamanı ən potensial təhlükə aqressiv çoban itləri ola bilər. Bir çox kəndli və çobanlar mal-qaranı və təsərrüfatlarını qorumaq üçün it saxlayır və onlara təhlükələri üzaq saxlamağı öyrədir. Bu itlər sürülərlə birlikdə hərəkət edərək, sürünü yırtıcılardan qoruma funksiyası yerinə yetirir. İtlərin davranışlarını diqqətlə izləmək vacibdir. Əgər onlar aqressiv reaksiya verirlərsə, bu, sizi sürüləri üçün potensial təhlükə kimi qəbul etdiklərini göstərə bilər. Bu halda, sakit və sayıq şəkildə irəliləmək, qəfil hərəkətlərdən çəkinmək tövsiyə olunur. Adətən, siz uzaqlaşdıqca onlar da geri çəkiləcək.

Bir neçə itin hürərək üzərinizə doğru qaçması qorxuducu ola bilər, lakin belə hallarda düzgün reaksiya vermək vacibdir. Ən yaxşı yanaşma yerinizdə dayanmaq və çobanın (adətən yaxınlıqda olur) onları geri çağırmasını gözləməkdir. Mümkündürsə, itlər sizi görmədən əvvəl çobanın diqqətini çəkməyə çalışın ki, onları sakitləşdirmək imkanı olsun. Əgər itlər çox yaxınlaşarsa, yüksək səslə qışqırmaq, havaya daş atmaq (əsasən itin üstünə yox, onun yaxınlığına) və ya trekking çubuqlarınızı yelləməklə üstünlük nümayiş etdirmək tövsiyə olunur. Qaçmaq isə yolverilməzdir, çünki bu, itin sizi ov kimi görüb təqib etməsinə səbəb ola bilər.

Bu cür qarşılaşmalardan ümumiyyətlə yayınmaq üçün otlayan sürülərdən mümkün qədər yan keçməyə çalışın. Əgər yaxınlıqda çobanlar varsa, onlara dostyana salam verərək yaxınlaşmaq daha təhlükəsiz ola bilər.

Ehtiyat tədbiri kimi, quduzluq peyvəndi vurdurmaq da tövsiyə olunur. Bu, sizi xəstəlikdən tam qorumasa da, mümkün dişləmə halında müalicə üçün əlavə vaxt qazandırır.

Nəhəng baldırğan

Nəhəng baldırğan (Heracleum mantegazzianum) bitkisinə xüsusilə diqqət yetirin. Görünüşcə meşə dişəvərinə (cow parsley) bənzəsə də, onun gövdə şirəsi dərinizin günəşə qarşı təbii müdafiəsini zəiflədir və açıq dəridə ciddi yanıqlara səbəb ola bilər. Gözlə təmas halında isə müvəqqəti və ya daimi görmə itkisinə belə gətirib çıxara bilər. Bu bitkini tanımağı öyrənin və mümkün qədər ondan uzaq durmağa çalışın. Əgər onun olduğu ərazilərdən keçmək qaçılmazdırsa, ehtiyatla hərəkət edərək gövdəsini qırmamaq vacibdir. Əgər təsadüfən baldırğan şirəsi dərinizə dəyərsə, dərhal həmin yeri su ilə yuyun və təsirlənmiş hissəni günəş işığından qoruyun.

Fırtınalar və Çay Dərələrində Daşqınlar

Qafqazda fırtınalar gözlənilmədən baş verə bilər və adətən güclü olur. Onlar tez-tez ildırım və dolu ilə müşayiət olunur. Yürüş zamanı təhlükəsizliyi təmin etmək üçün çadır qurmaqla bağlı ən yaxşı təcrübələri bilməli, hava şəraitini daim izləməli və zərurət yarandıqda daha aşağı ərazilərə enərək sığınacaq tapmağa hazır olmalısınız. Eyni zamanda, ildırım vurması nəticəsində yaranan xəsarətlərin ilkin tibbi yardım qaydalarını öyrənmək də vacibdir.

Yağıntılar çaylarda suyun səviyyəsinin kəskin qalxmasına səbəb ola bilər. Söhüb kəndinə çatmağa yaxın çayı keçmək lazımdır. Bu keçiddən ehtiyatla istifadə etməli və güclü daşqınlar zamanı onu keçməkdən çəkinməlisiniz.

İsti Hava Şəraiti

Yayın ortasında temperatur çox yüksək ola bilər. Buna görə də, kifayət qədər su götürməyiniz vacibdir. İsti havanın təsirini azaltmaq üçün yürüş planınızı uyğunlaşdırmaq faydalı ola bilər. Məsələn, günün erkən saatlarında başlayıb günorta istisində istirahət etmək daha təhlükəsiz seçimdir.

Bundan əlavə, susuzluq və günvurma hallarının simptomlarını, qarşısını alma üsullarını və ilkin tibbi yardım tədbirlərini öyrənməyiniz tövsiyə olunur.

Fövqəladə Hallar Üçün Məlumat

Əksər kəndlərdə tibb bacıları fəaliyyət göstərsə də, daha geniş tibbi xidmətlər və xəstəxanalar əsasən rayon mərkəzlərində yerləşir. Aşağıda ölkə daxilində faydalı ola biləcək fövqəladə yardım nömrələri verilmişdir:

  • Fövqəladə hallar: 112
  • Yanğın xidməti: 101
  • Polis: 102
  • Təcili yardım: 103
  • Təcili və təxirəsalınmaz tibbi yardım: 113

Alternativ və Əlavə Marşrutlar

Genişləndirilmiş Quba-Qusar Alternativ Marşrutu (Qusarın Şimalı ilə 100 km-lik dövrə)

Daha uzun və dolğun bir macəra axtaran səyyahlar TCT-nin Quba hissəsindən ayrılaraq Qusarın genişləndirilmiş alternativ marşrutuna keçə bilərlər. Bu marşrut əsas yoldan Qrız kəndində ayrılır. Qalaxudat kəndi ilə Xınalıqa gedən 17 km-lik yol əvəzinə, səyyahlar Böyük Qafqazın şərq yamacları boyunca Qusarın uzaq dağlıq ərazilərinə doğru şimal istiqamətində 100 km-lik bir səfərə çıxırlar.

Bu alternativ marşrut möhtəşəm qayalıqlar və yaşıl otlaqlarla örtülmüş düzənliklərdən keçir. Yabanı dağ çiçəklərlə zəngin olan mənzərələr təqdim edərək, tarixi ləzgi kəndlərinə baş çəkmə imkanı verir. Yol Azərbaycanın ən yüksək yaşayış məntəqəsindən, əkin sahələrindən və kütləvi turizmdən nisbətən uzaq qalmış tarixi abidələrdən keçir. Səyyahlar yol boyu Şahdağ Milli Parkının sərt relyefi ilə qarşılaşaraq, Şahdağ və Mıxtökən yaylaları arasında hərəkət edir və sonda Xınalıqda əsas TCT marşrutuna yenidən qoşulurlar.

Bu alternativ marşrut haqqında daha ətraflı məlumat bu yaz mövsümündə təqdim olunacaq!

Digər Praktiki Məlumatlar

Çobanlar: Çobanlar iqlim şəraitindən və ərazidən asılı olaraq yazın sonlarından payızın əvvəlinə qədər dağlarda heyvan otarırlar. Bəzi çoban yataqlarında bulaq suyu ilə doldurulan su çənləri mövcuddur. Digərləri isə su mənbələrindən uzaq yerləşdiyi üçün çobanlar su ehtiyatlarını özləri ilə gətirirlər. Çoban yataqları su ehtiyatınızı yeniləmək üçün faydalı ola bilər, lakin yaxınlıqda təbii su mənbəyi olmayan ərazilərdə onlara tam güvənmək tövsiyə olunmur.

Telefon zəngləri: Azərbaycanın ölkə kodu +994-dür. Yerli nömrəyə beynəlxalq kod olmadan zəng etmək üçün ölkə kodunu (0) ilə əvəz etməlisiniz.

Digər mənbə/resurslar

Quba haqqında daha ətraflı məlumat əldə etmək üçün Azərbaycan Turizm Bürosunun veb saytına nəzər yetirə bilərsiniz.

Menu

Marşrutu Yüklə

PDF (printable trail notes)
GPX və ya KML formatında bu marşrutu GPS cihazları və smartfon tətbiqləri üçün yükləmək istəyirsinizsə, CalTopo.com saytındakı interaktiv xəritəyə daxil olub “Export” düyməsini klikləyin.
Bitnami