Quba, Azərbaycan

Transqafqaz Cığırı üzrə 120 km (4-7 gün) uzunluğunda yürüş bələdçisi

Bu bələdçi sizə, Azərbaycan Respublikasının Quba – Qusar regionundan keçən və iki mərhələdən ibarət, Transqafqaz Cığırı marşrutu üzrə 120 km-lik müstəqil yürüşünüzü planlaşdırmağa kömək edəcək. Aşağıda praktiki məlumatlar, marşrut qeydləri, interaktiv xəritələrə keçidlər və marşrut üzrə naviqasiya üçün yüklənə bilən GPS məlumatları (xəritə və marşrut) təqdim olunur.

Qısa Məlumat:

Ümumi məsafə: 120.7 km

Ümumi yüksəklik fərqi: 6,505 m (Şərqdən Qərbə)

Ümumi eniş fərqi: 5,921 m (Şərqdən Qərbə)

Minimum yüksəklik: 773 m

Maksimum yüksəklik: 3,239 m

Orta yüksəklik: 2,006 m

Status: Açıq, aktiv inkişaf mərhələsindədir

İşarələmə növü: Qismən nişanlanıb – qırmızı və ağ nişanlar, sarı istiqamət lövhələri

Fövqəladə Hallar zamanı əlaqə vasitələri:

  • 112 – Fövqəladə Hallar Nazirliyi
  • 102 – Polis
  • 103 – Təcili yardım
  • 113 – Səhiyyə Nazirliyinin təcili və təxirəsalınmaz tibbi yardım xidməti

Azərbaycanın Şərqi Qafqaz dağ mənzərələri, uzaq dağ kəndləri və dərin çay dərələri boyunca uzanan Transqafqaz Cığırının (TCT) Quba hissəsi misilsiz bir səyahət təklif edir. Təxminən 120 kilometr uzunluğunda olan bu marşrut Afurcadan başlayaraq Laza (Qəbələ) istiqamətinə doğru Söhub, Buduq, Qrızdəhnə, Qrız və Xınalıq kəndlərindən keçərək Böyük Qafqazın mədəni baxımdan zəngin və coğrafi müxtəlifliyə malik ərazilərini birləşdirir. Yolboyu səyyahlar tarixi çoban yolları, dağ otlaqları, sərt dərələr və qədim ticarət yolları ilə irəliləyir, əsrlər, hətta minilliklər boyu bu uzaq diyarlarda yaşayan dağ etnik icmalarının ənənələrini yaşamaq imkanı əldə edirlər.

Bu bölmədə cığır şəraiti dəyişkəndir. Burada 4x4 maşınlarının keçə biləcəyi yollar və yaxşı seçilən cığırlardan tutmuş dik, aşınmış yollar və mövsümlə dəyişən çay keçidlərinə qədər dəyişkən şəraitlə qarşılaşmaq mümkündür. Bir çox marşrutlar hələ də işarələnməyib və xüsusilə açıq otlaqlarda və yüksək silsilələrdə GPS naviqasiyasına ehtiyac var. TCT komandası 2023-cü ildən bəri tarixi Qrızdəhnə – Qrız (tarixi Eh Yolu) hissəsini bərpa edib və onu səyyahlar üçün daha əlçatan etmək üçün işlər görüb. Lakin Salavat Aşırımı və Qudyalçay dərəsi kimi bəzi yerlər eroziya, yüksək su səviyyəsi və çətin relyef səbəbindən hələ də çətin keçilən olaraq qalır.

Su mənbələri əksər mərhələlərdə, kəndlərə və mövsümi otlaqlara yaxın təbii bulaqlar və çaylardır. Lakin, uzun və açıq sahələrdə su qıtlığı yaşana bilər, buna görə də səyyahlar etibarlı su mənbələri arasındakı məsafəni nəzərə alaraq, özləri ilə kifayət qədər su götürməlidirlər. Yağışlar, qar əriməsi və otarma dövrü kimi mövsümi dəyişikliklər, xüsusən dik dərələr və çay keçidləri olan ərazilərdə yolun şəraitinə ciddi təsir göstərə bilər.

Cığır nişanlaması bölgədən bölgəyə fərqlənir. Bəzi hissələr, məsələn Qrız –Xınalıq marşrutu, Azərbaycan Turizm Bürosu tərəfindən işarələnib. Digər hissələr isə əsasən yerli çoban cığırları və tarixi yollar üzərində qurulub. Səyyahlar təkcə nişanlara güvənməməli və GPS məlumatlarını (marşrut və xəritələr) əvvəlcədən yükləməlidirlər.

Bu bölmənin əsas şəhər giriş nöqtəsi olan Quba şəhəri ehtiyatların təzələnməsi, nəqliyyatın təşkili və müasir imkanlardan yararlanmaq üçün fürsətlər təqdim edir. Marşrut başlanğıcına giriş yolları, asfalt yollardan çətin keçilən yollara qədər dəyişir. Uzaq kəndlərə, məsələn, Söhub və Buduğa çatmaq üçün bəzən 4×4 nəqliyyat vasitəsi tələb olunur.

VACİB MƏLUMAT

TCT Assosiasiyası marşrut və cığır şəraitinə dair dəqiq və yenilənmiş məlumatlar təqdim etməyə çalışır. Lakin, real şərait fərqli ola bilər və təqdim olunan məlumat tam və ya aktual olmaya bilər. Cığır istifadəçiləri digər mənbələrdən əldə etdikləri məlumatları nəzərə almalı və mümkün olduqda yerli sakinlərin verdiyi məsləhətlərə riayət etməlidirlər. Cığır istifadəçiləri marşrut seçimi, hava şəraiti və təhlükəsizlik daxil olmaqla, bütün qərarların məsuliyyətini öz üzərlərinə götürürlər.

Dik dağ relyefi və dəyişkən hava şəraitindən əlavə, yürüşçülər bəzən çətin tapılan cığır izləri və ağır yol şəraitinə, su altında qalmış körpüləri və su səviyyəsi yüksəlmiş çayları keçməyə, qoyun və mal-qaranı qoruyan çoban itləri, ayı, canavar kimi vəhşi heyavnlar, zəhərli baldırğan bitkisi və güclü ildırımlarla müşayiət olunan yay fırtınaları kimi risklərə hazır olmalıdırlar.

Təcili tibbi yardım və axtarış-xilasetmə xidmətlərinə çıxış hər zaman mövcud olmaya bilər.

Menu

Marşrutu Yüklə

PDF (printable trail notes)
GPX və ya KML formatında bu marşrutu GPS cihazları və smartfon tətbiqləri üçün yükləmək istəyirsinizsə, CalTopo.com saytındakı interaktiv xəritəyə daxil olub “Export” düyməsini klikləyin.
Bitnami