Qax, Azərbaycan
Transqafqaz Cığırı üzrə 60 km (2-3 gün) uzunluğunda yürüş bələdçisi
Bu bələdçi sizə, Azərbaycan Respublikasının Şəki – Zaqatala regionundan keçən və üç mərhələdən ibarət, Transqafqaz Cığırı marşrutu üzrə 61 km-lik müstəqil yürüşünüzü planlaşdırmağa kömək edəcək. Aşağıda praktiki məlumatlar, marşrut qeydləri, interaktiv xəritələrə keçidlər və marşrut üzrə naviqasiya üçün yüklənə bilən GPS məlumatları (xəritə və marşrutlar) təqdim olunur.
Bu hissə sizi Qaxın füsunkar mənzərələri ilə tanış edəcək, sıx meşələr, sərt dağ silsilələri və Böyük Qafqaz dağlarının laylı zirvələrini açıq şəkildə əks etdirən panoramik görüntülər təqdim edəcək. Marşrut Qaşqaçay kəndindən başlayaraq möhtəşəm alp çəmənliklərinə yüksəlir və oradan tarixi İlisu kəndinə doğru davam edir. Buradan isə daha çətin bir yürüşlə Mamrux kəndinə (Zaqatala) yol alacaqsınız. Səfər zamanı yüksək dağ otlaqlarını keçəcək, çətin eniş və yoxuşları aşacaq və ölkənin inanılmaz etnolingvistik müxtəlifliyini özündə əks etdirən tarixi və mədəni yaşayış məntəqələrini kəşf edəcəksiniz.
Qısa Məlumat:
Ümumi məsafə: 64.84 km/37.8 mil
Ümumi yüksəklik fərqi: 4,034 m/13,235 ft (Şərqdən Qərbə)
Ümumi eniş fərqi: 4,574mm/15,006 ft (Şərqdən Qərbə)
Minimum yüksəklik: 499 m/1,637 ft
Maksimum yüksəklik: 2,731 m/8,960 ft
Orta yüksəklik: 1,811 m/5,942 ft
Status: Açıq, aktiv inkişaf mərhələsindədir
İşarələmə növü: Qismən işarələnmiş (TCT tərəfindən işarələnməmişdir)
Fövqəladə Hallar zamanı əlaqə vasitələri:
- 112 – Fövqəladə Hallar Nazirliyi
- 102 – Polis
- 103 – Təcili yardım
- 113 – Səhiyyə Nazirliyinin təcili və təxirəsalınmaz tibbi yardım xidməti

Transqafqaz Cığırının (TCT) Qax bölməsi ən çətin, eyni zamanda ən mükafatlandırıcı hissələrdən biridir. Sərt, daşlı yollar və sıx meşələrdən keçərək sizi nəfəskəsici alp çəmənliklərinə və Şamil qalası kimi tarixi məkanlara aparacaq.
Yol şəraiti fəsildən asılı olaraq dəyişir. Güclü yağışlardan sonra, xüsusilə meşə və çəmənlik ərazilərində, cığırlar otlarla örtülə bilər. Çobanlar və heyvanlar bu yolları tez-tez istifadə etsə də, bəzi hissələrdə yolu tapmaq çətin ola bilər. Buna görə də yürüşə başlamazdan əvvəl GPS xəritələrini yükləmək və onlarla tanış olmaq tövsiyə edilir. Su mənbələri az olsa da, çoban sığınacaqlarının yaxınlığında bulaqlara rast gəlmək mümkündür. Lakin bu mənbələri daimi və etibarlı hesab etmək olmaz.
Qaxşqacay və İlisu arasındakı cığır əvvəlcə Azərbaycan Turizm Bürosu tərəfindən işarələnmişdi, lakin son texniki xidmətlərdən sonra bəzi nişanlar götürülüb.
Bu marşrut böyük şəhərlərdən keçmir, lakin yol boyu kiçik kənd mağazalarına rast gələ bilərsiniz. İlisu kəndində yerli restoranlar mövcuddur. İlisuya asfalt yollarla çatmaq mümkündür, lakin Qaxşqacay və Mamruxa gedən yollar çınqıl və torpaq örtüklüdür.
VACİB MƏLUMAT
TCT Assosiasiyası marşrut və cığır şəraitinə dair dəqiq və yenilənmiş məlumatlar təqdim etməyə çalışır. Lakin, real şərait fərqli ola bilər və təqdim olunan məlumat tam və ya aktual olmaya bilər. Cığır istifadəçiləri digər mənbələrdən əldə etdikləri məlumatları nəzərə almalı və mümkün olduqda yerli sakinlərin verdiyi məsləhətlərə riayət etməlidirlər. Cığır istifadəçiləri marşrut seçimi, hava şəraiti və təhlükəsizlik daxil olmaqla, bütün qərarların məsuliyyətini öz üzərlərinə götürürlər.
Dik dağ relyefi və dəyişkən hava şəraitindən əlavə, yürüşçülər bəzən çətin tapılan cığır izləri və ağır yol şəraitinə, su altında qalmış körpüləri və su səviyyəsi yüksəlmiş çayları keçməyə, qoyun və mal-qaranı qoruyan çoban itləri, ayı, canavar kimi vəhşi heyavnlar, zəhərli baldırğan bitkisi və güclü ildırımlarla müşayiət olunan yay fırtınaları kimi risklərə hazır olmalıdırlar.
Təcili tibbi yardım və axtarış-xilasetmə xidmətlərinə çıxış hər zaman mövcud olmaya bilər.